26 yanvarın 2018-ci il tarixində Bakı Biznes Universitetində “Sənayenin təşkili və bələdiyyə idarəetməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar Kənd Təsərrüfatı İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İslam Hacı oğlu İbrahimovun anadan olmasının 70 illik yubileyi münasibətilə Respublika İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyatın perspektiv inkişafı üzrə Strateji Yol Xəritəsi: insan kapitalının formalaşmasının prioritet istiqamətləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru i.e.d., prof. İ.M.Abbasov açmışdır. Daha sonra Respublika İqtisadçılar İttifaqının sədri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “İslam İbrahimovun həyat və elmi fəaliyyəti” haqqında, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “Aqrar sahənin və regionların inkişafı”, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “İslam İbrahimovun bədii yaradıcılığı”, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, professor Rəsul Balayevin “İslam İbrahimov – aqrar sahənin görkəmli mütəxəssisi” məruzələri dinlənildi. Sonra təbrik çıxışları ilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, i.e.d. Eldar İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin rektoru, i.e.d., professor Eldar Quliyev, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və başqaları yubilyar haqqında öz ürək sözlərini bildirdilər.

27.01.2018