09-11 oktyabr tarixlərində Bakı Biznes Universitetində koordinatoru-rəhbəri olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçılarının növbəti toplantısı keçirildi. Görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan Universitetlərinin hazırladığı özünüdəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanmasıdır.

Eyni zamanda 09 oktyabr tarixində Avropanın 5 universiteti, o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex Universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihənin genişmiqyaslı Məlumatlandırılma Günü keçirilmişdir. Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişafı” (EQAC) layihəsi haqqında ətraflı məlumat verilmiş, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Qrant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədə olan problemlər və bunların həlli yolları müzakirə olunmuşdur. Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparılmış, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülmüş, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edilmişdir.

12.10.2018