21 dekabr 2017-ci il tarixində Bakı Biznes Universitetinin kitabxanasında Universitetlə ASC “Standard Insurance” şirkəti arasında görüş keçirilmişdir. Görüş zamanı Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qonaqları salamlamış və belə görüşlərin ali təhsil müəssisələri və şirkətlər arasında əlaqələrin daha da genişlənməsinə, tələbələrin bu fürsətlərdən yararlanmasına təkan verəcəyini bildirmişdir. ASC “Standard Insurance” şirkətinin idarə heyətinin rəhbəri Anar Sadıxov səmimi görüşə görə təşəkkürünü bildirərək tərəflər arasında əldə olunacaq razılaşmadan məmnunluğunu ifadə etmiş, bu kimi əlaqələrin digər təhsil müəssisələrinə və şirkətlərə nümunə olduğunu söyləmişdir. Bu əməkdaşlığın hər iki tərəf üçün məhsuldar və səmərəli olacağı qeyd edilmişdir.

Görüşdə bir neçə istiqamətdə müzakirələr aparılmış, təhsil mərkəzləri ilə iş dünyasının əlaqələrinin zəruriliyi vurğulanmışdır. Həmin istiqamətlərə uyğun olaraq razılaşdırılmışdır ki, Universitetin sonuncu kurs bakalavr tələbələrinin və magistratura dərəcəsi üzrə təhsil alan tələbələrin ASC “Standard Insurance” şirkətinin müxtəlif filiallarında dörd aylıq təcrübə keçməsi, şirkət mütəxəssislərinin BBU tələbələri arasında müxtəlif müsabiqələr təşkil etməsi, bir sıra praktiki  mövzularda tələbələrə təlim və seminarların keçirilməsi və hər il BBU-da təşkil olunan əmək yarmarkasında şirkətin öz vakansiyaları ilə iştirak etmələri təmin edilsin. Sonda iki tərəf arasında qarşılıqlı əməkdaşlıq və təcrübə müqaviləsi imzalanmışdır. 

21.12.2017